Böyük Britaniyanın Exeter Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
London, 1mart (AZƏRTAC). Böyük Britaniyanın Exeter Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.
Azərbaycanlı tələbələr “Xocalı həftəsi” çərçivəsində qurulmuş stendlərdə nümayiş etdirilməsi üçün faciə haqqında kitablar, jurnallar və disklər təqdim etmişlər. Xocalı soyqırımı ilə maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə bu qətliam barədə məlumat verilmiş, onlara broşürlar paylanmışdır.
Bundan başqa, universitetdə Xocalı faciəsi ilə əlaqədar konfrans keçirilmişdir. Konfransda universitetin müxtəlif ölkələrdən olan tələbələri və müəllimləri iştirak etmişlər.
Universitetin Azərbaycan Cəmiyyətinin sədri Ülvi Qasımov iştirakçılara faciə haqqında ətraflı məlumat vermiş və bu ədalətsizliyi dünya ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulamışdır.
Konfrans çərçivəsində Xocalı soyqrımından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London