“BÖYÜK İSTEDADIN ÇALARLARI” KİTABI BÖYÜK SƏNƏTKAR HAQQINDA
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda professor Gülrux Əlibəylinin Xalq Artisti Amalya Pənahovaya həsr etdiyi, rus və ingilis dillərində nəşr olunmuş “Böyük istedadın çalarları” kitabının təqdimat mərasimi keçirilmişdir.
Ədəbi ictimaiyyətin və teatr xadimlərinin iştirakı ilə keçirilən tədbirdə kitabın bədii məziyyətlərindən, ümumilikdə xalq artistinin səhnə həyatından ətraflı söz açılmışdır.
Tədbirdə çıxış edən AYB-in sədri, Xalq yazıçısı Anar, Xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, Milli Məclisin deputatı Elmira Axundova, yazıçı-dramaturq Aqşin Babayev və başqaları Amalya Pənahovanın mənalı və şərəfli ömür yolundan danışmışlar.
Bildirilmişdir ki, Amalya Pənahova 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Luiza kimi ümumbəşəri rollar teatr tariximizə qızıl hərflərlə yazılmışdır. Amalya Pənahova Azərbaycan teatr və kino sənətində qazandığı böyük uğurlara görə ən ali fəxri adlara layiq görülmüş, diplom və medallarla təltif edilmişdir. 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında onun da adı qeyd olunmuşdur.
Böyük istedada, hərtərəfli biliyə malik olan A.Pənahova, həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 45 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir. Bu tamaşaların əksəriyyəti lentə alınmışdır və hazırda televiziyanın “Qızıl fondu”nda saxlanılır. Bunlardan İ.Əfəndiyevin “Mənim günahım”, M.Muradın “Təkan”, Ş.Qurbanovun “Sənsiz”, O.Altunbayın “Tomris”, A.Məmmədovun “Dəli Domrul” və s. xüsusi qeyd etmək olar.
Vurğulanmışdır ki, Amalya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu sənət ocağına orta və yaşlı nəsillə yanaşı, gənc istedadları da cəlb etmiş, onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Elə bu keyfiyyətləri, yəni gənc aktyor və rejissor kadrlarının yetişdirilməsi sahəsindəki uğurları nəzərə alınaraq, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuş və burada öz parlaq istedad və bacarığını nümayiş etdirmişdir. O, hazırda universitetin professorudur. Bu səbəbdəndir ki, A.Pənahovanın hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir. Hazırda onun dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında Amalya Pənahova ilə birgə çalışır.
Natiqlər Amalya Pənahovanın 2000-2005-ci illərdə Milli Məclisin deputatı kimi gördüyü işlərdən danışmışlar. Onun əsl vətənpərvər kimi daim aktual məsələləri qaldırdığı və haqqın müdafiəçisi olaraq bütün çıxışlarında obyektiv fikri ilə seçilib, fərqləndiyi bildirilmişdir.
Tədbirdə çıxış edən Gülrux Əlibəyli kitabında Amalya Pənahovanın təkcə yaradıcı deyil, həm də vətəndaş, ictimai xadim, rəhbər və dost kimi çalarlarını oxuculara təqdim etməyə çalışdığını demişdir. Bildirmişdir ki, A.Pənahova təkcə aktrisa deyil, həm də böyük şəxsiyyətdir.
Bütün iştirakçılara təşəkkürünü bildirən Amalya Pənahova vurğulamışdır ki, yeni kitab Rafiq Rəhimlinin “Teatrın şahzadəsi”, İlham Rəhimlinin “Səhnə sehrinin sirdaşı”, Abdulla Qurbaninin “Döyüşən teatr” və İnqilab Kərimovun “Bakı Bələdiyyə Teatrı” kitablarının faktiki davamı sayıla bilər. Kitabın rus və ingilis dillərində nəşr olunması onun geniş oxucu kütləsi tərəfindən oxunmasına və təbliğinə imkan yaradacaqdır.
İnanırıq ki, nəfis tərtibatlı, xüsusi zövqlə “Çinar-çap” nəşriyyatında çapdan çıxmış kitab bütün sənətsevərlərin ürəyincə olacaqdır.
######
![]() |
![]() |

