Cari ildə BTC ilə nəql edilən neftin həcmi 25 milyon tonu ötüb
Bakı, 17 noyabr, AZƏRTAC
Magistral neft kəmərləri ilə 33108,4 min ton neft nəql edilib. Nəqletmənin 76,0 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 25172,5 min ton neft ötürülüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 10 ay ərzində BTC kəməri ilə nəql edilib neftin 83,0 faizini və ya 20902,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,0 faizini və ya 4270,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Magistral qaz kəmərləri ilə 32963,9 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artım müşahidə olunub. Qazın nəqlinin 55,2 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 18209,8 milyon kub-metr qaz ötürülüb.
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 24557,3 min ton olub. Yüklərin 11140,1 min tonu və ya 45,4 faizi dəmir yolu nəqliyyatı, 6908,2 min tonu və ya 28,1 faizi avtomobil nəqliyyatı, 6509,0 min tonu və ya 26,5 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,5 faizini və ya 14127,1 min tonunu tranzit yüklər təşkil edib.