Cenevrədə “Praqmatik siyasətin uğurlu 11 ili” mövzusunda “dəyirmi masa”
Bakı, 25 dekabr, AZƏRTAC
Cenevrə Beynəlxalq Universitetinin bir qrup tələbəsi Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə “Praqmatik siyasətin uğurlu 11 ili” mövzusunda “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin tələbəsi Rüstəm Hüseynli Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin Azərbaycan dövlətinin sürətlə inkişaf etməsinə şərait yaratdığını bildirib. O deyib ki, dövlətimizin başçısının apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq arenada eşidilir, ölkəmizin nüfuzu daha da yüksəlir. R.Hüseynli əlavə edib ki, dövlətimizin başçısının gənclərə, o cümlədən tələbələrə qayğısı onlarda ruh yüksəkliyi yaradıb. O deyib: “Biz Azərbaycanın artan nüfuzu, Prezidentimizin diqqət və qayğısı fonunda özümüzü Avropada daha inamlı hiss edirik. Bizim üçün xüsusilə xoşdur ki, artıq Avropada Azərbaycan sürətlə inkişaf edən, demokratik dəyərlərə sahib olan nüfuzlu ölkə kimi tanınır”.
Diqqətə çatdırılıb ki, Azərbaycan iqtisadi baxımdan da Avropa dövlətləri üçün mühüm tərəfdaşa çevrilib. Bu gün dünyada Azərbaycanın iştirakı olmadan enerji layihələrinin reallaşması çox çətindir. Bu səbəbdən də Avropa Azərbaycana xüsusi önəm verir. Eyni zamanda, İsveçrə ilə də iqtisadi münasibətlərimiz getdikcə inkişaf edir.
“Dəyirmi masa”da çıxış edən universitetin digər azərbaycanlı tələbəsi Asim Müslümlü isə diqqəti Azərbaycanın bütün sahələrdə sürətli inkişafı faktına yönəldib. Bildirib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir. Qeyd edilib ki, bu gün Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. İndiyədək xarici ölkələrdəki erməni diasporu bütün dünyada, o cümlədən Avropada ictimaiyyəti yalan informasiyalara inandıra bilmişdi. Bu gün isə artıq erməni mifi dağılıb, onların məzlum obrazının saxta olması dünya, eləcə də Avropa ictimaiyyətinə konkret faktlar əsasında çatdırılıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasətin bir hissəsidir. O əlavə edib ki, hazırda Azərbaycan iqtisadiyyatının güclü olması ölkənin imkanlarını daha da genişləndirir.
Qeyd edilib ki, Azərbaycanın bir çox ölkələrlə, o cümlədən Avropa dövlətləri ilə sıx iqtisadi münasibətləri mövcuddur. Avropa ölkələri həmişə Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olub, həmin proses bu gün də davam edir. Bu isə ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıqla yanaşı, həm də Azərbaycanın iqtisadi uğurları ilə bağlıdır. Azərbaycanın digər Avropa ölkələri ilə yanaşı, İsveçrə ilə də iqtisadi əlaqələri uğurla davam edir.
“Dəyirmi masa”da çıxış edən digər tələbələr də mövzu ətrafında öz fikirlərini bölüşüblər.