CƏMİYYƏT
Çayların mövcud vəziyyəti araşdırılmışdır
Bakı, 9 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 95-210, Kiçik Qafqazın çaylarında 80-85, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 388 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 114 kubmetrdir.
Araşdırmanın nəticələrinə görə, son 3 gün ərzində Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 36, Şirvanda 81, Salyanda 75, Bankədə 35, Araz çayının Novruzlu məntəqəsində isə 55 santimetr azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 490, Şirvanda 383, Salyanda 328, Bankədə 264, Araz çayının Novruzlu məntəqəsində isə 270 santimetrdir.