Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib
Bakı, 20 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) dörd illik fəaliyyətinə həsr olunmuş toplantı başa çatıb.
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildiriblər ki, tədbir çərçivəsində İHİF-in İcraiyyə Komitəsinin iclası olub və X Baş Assambleyanın gündəliyi, hesabat məruzələri təsdiqlənib.
İHİF-in Baş Assambleyasında qurumun sədri Turki bin Abdulmohsen Al-Alsheix, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, İHİF-in vitse-prezidentləri Hamad Kalkaba Malbum və Çingiz Hüseynzadə iştirak ediblər.
Baş Assambleyanın gündəliyində duran əsas məsələ təşkilatın dörd illik fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi olub. Hesabatda dörd il ərzində görülmüş işlər arasında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, onun İslam dəyərlərinin dünya miqyasında təbliğində mühüm rolu, İslam ölkələri arasında dostluq və həmrəyliyin gücləndirilməsindəki önəmi xüsusi qeyd olunub.
Baş Assambleya dörd illik fəaliyyətinə yekun vurduqdan sonra növbəti dörd il üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Sonra İHİF-in İcraiyyə Komitəsinin üzvlərinin və rəhbərliyinin seçkisi olub. Toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin təşkilatın vitse-prezidentliyə namizədliyi irəli sürülüb və o, İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti seçilib.
Qeyd edək ki, Çingiz Hüseynzadə artıq üçüncü dəfədir ki, bu təşkilatın vitse-prezidenti seçilir.