Daha üç boksçumuz dörddəbir mərhələdə mübarizəni davam etdirəcək
Bakı, 13 aprel, AZƏRTAC
Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Rio Olimpiya Oyunlarına lisenziya xarakterli turnir davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günündən sonra növbəti mərhələyə yüksələn daha 3 boksçumuz müəyyənləşib. Belə ki, 56 kq çəki dərəcəsndə döyüşən dünya çempionumuz Cavid Çələbiyev moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib. Rinqə çıxan digər boksçumuz 81 kq çəki dərəcəsində mübarizə aparan, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov olub. Gürcü əsilli rusiyalı boksçu Giorgi Kuşitaşvili ilə qarşılaşan Məmmədov qalib gəlib. 91 kq-da döyüşən Abdulkadir Abdullayev isə litvalı boksçu Tadas Tamasauskasla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə çıxıb.
Turnirin beşinci günündə 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşır. Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla rinqə çıxacaq. 64 kq çəki dərəcəsində kişilərin yarışında Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə üz-üzə gəlir. Yarımfinal uğrunda 81 kq-da Teymur Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da Abdulkadir Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə italiyalı boksçu Quido Vianello ilə mübarizə aparacaq.