Daşkənddə “Xocalıya ədalət” kampaniyası çərçivəsində imzatoplama aksiyası keçirilmişdir
Daşkənd, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Tədbirdə Azərbaycan və Türkiyə səfirliyinin əməkdaşları, diasporumuzun üzvləri, Daşkəndin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Mərasimə gələnlər foyedə hazırlanmış “Xocalı faciəsi”, “Xocalı faciəsi dünya KİV-lərində”, “Xocalı faciəsi uşaqların gözü ilə”, “Xocalı faciəsi elmi-kütləvi nəşrlərdə” mövzusunda sərgiyə tamaşa etmişlər.
Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov azğın ermənilər tərəfindən törədilmiş Xocalı faciəsi haqqında mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir XX əsrin ən qəddar soyqırımından biri olan bu faciənin erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə və soyqırımı siyasətinin bir səhifəsi olduğunu diqqətə çatdırmışdır. Diplomat Azərbaycan dövlətinin Xocalı soyqırımının əsl mahiyyəti, erməni terrorizminin bütün bəşəriyyətə təhlükə olmasının sübutuna yönəldilmiş fəaliyyəti haqqında geniş məlumat vermişdir. N.Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyası haqqında da söhbət açmışdır.
Mərasimdə “Xocalıya ədalət” kampaniyası saytının təqdimatı olmuşdur.
Sonra “Məhv edilmiş şəhər” sənədli filmi, “Xocalıya ədalət” klipi göstərilmiş, “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının rəhbərləri, həmçinin dünyanın aparıcı dövlətlərinin liderlərinə ünvanlanmış imzatoplama aksiyası keçirilmişdir.
Tədbir ərəfəsində Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına erməni terrorizmi, Xocalı faciəsi, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddialarını ifşa edən kitab və broşürlər göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd