“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekunları açıqlanıb
Bakı, 27 fevral, AZƏRTAC
“AzerGold” QSC-nin təşəbbüsü və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekunlarına dair görüş təşkil olunub. Tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətləri, yerli icma nümayəndələri və fermerlər iştirak ediblər.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold”un İdarə Heyətinin üzvü – sədrin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev, AXA-nın sədri Sərdar Hacıyev, Daşkəsən və Göygöl rayon icra hakimiyyətlərinin başçıları Orxan Abbasov və Vüqar Novruzov çıxış edərək layihənin əhəmiyyəti barədə danışıb, əsas nəticələri təqdim ediblər.
Qeyd olunub ki, heyvan, bitki, torpaq və su nümunələri üzrə aparılan geniş laborator analizlərin elmi təhlillərinə əsasən, QSC-nin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa və məhsuldarlığa hər hansı mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvi analizlər nəticəsində ərazidəki su mənbələrinin suvarma üçün tam yararlı olduğu müəyyən edilib. Heyvan sağlamlığı üzrə aparılan müayinələrdə xüsusi təhlükəli xəstəlik aşkarlanmayıb.
Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatında monitorinqlər aparılıb, zərərvericilər müəyyən edilərək fermerlərə fərdi tövsiyələr verilib. Həmçinin təşkil olunan 37 təlim vasitəsilə iştirakçılar aqrar sahədə bilik və bacarıqlarını artırıblar.
Xatırladaq ki, icrasına ötən il başlanılmış lahiyə Daşkəsən rayonunun Şadax yaşayış məntəqəsini, Bayan, Quşçu, Çovdar və Çaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndlərini əhatə edib. Layihənin məqsədi heyvandarlıq və bitkiçilikdə məhsuldarlığı artırmaq, aqrar fəaliyyətin ekoloji tələblərə uyğun təşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstək göstərməkdir.