Deputat: Azərbaycan regionun nəqliyyat mərkəzlərindən birinə çevrilib

Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan regionun əsas logistika və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə atılan addımlar, xüsusilə rəqəmsal texnologiyaların logistika sahəsində tətbiqi, təkcə iqtisadi inkişafın deyil, həm də şəffaflığın və qarşılıqlı etimadın artırılmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Eldar Quliyev iyunun 18-də MM-də keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib
O qeyd edib ki, dayanıqlı sülhün və regional əməkdaşlığın möhkəmləndirilməsi üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər sırasında Zəngəzur dəhlizinin açılması xüsusi yer tutur.
Biz inanırıq ki, bu dəhlizin açılması Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən mühüm nəqliyyat marşrutu kimi çıxış edəcək və regionda yeni imkanlar yaradacaq.
Bu layihə yalnız iqtisadi baxımdan deyil, həm də siyasi sabitlik, qarşılıqlı əməkdaşlıq və uzunmüddətli sülhün təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycan bu məqsədlə Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə konkret addımlar atıb. Biz inanırıq ki, bu region zəngin iqtisadi və strateji potensiala malikdir və bu potensialdan sülh, əməkdaşlıq və tərəfdaşlıq naminə səmərəli istifadə olunmalıdır. Azərbaycan olaraq, qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquqa əsaslanan yanaşma ilə, üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirməyə və ortaq gələcəyimiz naminə çalışmağa hazırıq”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, plenar sessiyada müzakirə olunan məsələlər regional sabitlik və sülhün dayanıqlılığının təmin edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.