Deputat: Koronavirusla mübarizə milli təhlükəsizliyimizin ayrılmaz tərkib hissəsinə çevrilib
Bakı, 26 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını və ilk olaraq Prezidentin ehtiyat fondundan bura 20 milyon manat vəsaitin ayrılmasını xüsusilə qeyd etmək lazımdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələri dövlət-xalq birliyinin növbəti təzahürü olmaqla hər bir vətəndaş üçün nümunədir. Prezident İlham Əliyevin göstərişi, şəxsi diqqət və dəstəyinə əsasən ölkəmizdə koronavirusla mübarizə istiqamətində qabaqlayıcı fundamental tədbirlər davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər vaxtında düzgün qərarlar qəbul edilməməsi səbəbindən hazırda çətin vəziyyətə düşən ölkələrə nümunə ola bilər.
A.Hüseynov qeyd edib ki, dövlət başçısının xalqımız naminə növbəti mühüm addımının cəmiyyətimizdə böyük rezonansa səbəb olduğunu real faktlar da təsdiqləyir.
"Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsəd güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Hər bir vətəndaş bilməlidir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Vətəndaşlar da öz növbəsində məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər. Milli həmrəylik, məsuliyyət, milli birlik bu xəstəliyə qalib gəlməyə imkan verəcək", - deyə Milli Məclisin deputatı vurğulayıb.
Onun sözlərinə görə, Prezidentin göstərişi və qayğısı sayəsində görülən bütün tədbirlər xalqımızın rifahının yaxşılaşdırılmasına istiqamətlənib və koronavirusla mübarizə milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib.
A.Hüseynovun əlavə edib ki, belə bir mürəkkəb məqamda dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyatımıza, makroiqtisadi sabitliyə, sahibkarlıq subyektlərinə və ölkədə məşğulluq məsələlərinə ehtimal olunan mənfi təsirinin azaldılması ilə bağlı mühüm tədbirlər də görülməkdədir.