Deputat: Sosial şəbəkələrin alqoritmləri haqqında məlumat insanlar üçün açıq olmalıdır
Strasburq, 22 iyun, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının ikinci günü “Media azadlığı, ictimai etibar və vətəndaşların bilmək hüququ” adlı məruzənin təqdimatı və onun ətrafında müzakirələrlə başlayıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai müzakirələrdə qurumun Avropalı Mühafizəkarlar və Demokratik Alyans siyasi qrupu adından çıxış edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü alqoritmik şəffaflıq, sosial media məsələlərinə toxunub. Bildirib ki, sosial şəbəkələr ideyaları əks etdirmək, ictimai rəy toplamaq baxımından geniş platformadır. Sosial şəbəkələr birbaşa və canlı ictimai müzakirələrə imkan yaratdıqları üçün demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir.
N.Arpadarai qeyd edib ki, influenserlər ictimaiyyətə müraciət etmək üçün sosial medianın alqoritmlərinə uyğunlaşmalı, məlumatları mövcud media gündəminə, sosial media sahibləri və menecerlərinin formatına uyğun şəkildə təqdim etməlidirlər. Ancaq onlar bir dəfə dəyişiklik etdikdə gündəm və format dəyişir.
Sosial media sərmayəçiləri və sahiblərinin mənfəət əldə etmək maraqları var. Bu gün sosial medianın mövcud ölçüsü, bazarlar və cəmiyyətlər üzərindəki təsiri təhlükəlidir və bu, diqqətlə izlənilməlidir. Bazarlar və cəmiyyətlər üzərində təsir gücünə malik olmaq və nəticədə siyasi üstünlüklər qazanmaqla böyük gəlir əldə etmək mümkündür. Çirkli siyasət dünyanın ən gəlirli işidir. Bugünkü sosial media bu vəsvəsənin özəyini təşkil edir.
Azərbaycanlı deputat sosial mediada senzura və qadağalara da toxunub. Bilmək hüququndan söz açan deputat bunun alqoritmlərə münasibətdə aydın şəkildə göstərilməsinin vacibliyini diqqətə çatdırıb. Vurğulayıb ki, sosial şəbəkələrin alqoritmləri avtomatik olaraq dərc edilməli və araşdırmalara açıq olmalıdır. Məlumatların, əqli mülkiyyətin məxfiliyinə əsaslanan ictimai və özəl maraqlar arasında tarazlıq yaratmaq, bunun necə olduğunu bilmək üçün texniki mexanizm olmalıdır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq