Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ilə bağlı Ermənistanda təzyiq xarakterli çağırışların səsləndirilməsi və səfərin siyasi hücum predmetinə çevrilməsi bu ölkənin siyasi rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması ilə bağlı bəyanatları fonunda ciddi ziddiyyət yaradır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, Ermənistan mediasında və bəzi ictimai-siyasi dairələrdə səfərə qarşı açıq etirazların səsləndirildiyi, hətta diplomatik korpusa müraciətlər edildiyi müşahidə olunub. Qarabağ Azərbaycanın suveren ərazisidir və ölkənin öz ərazisində diplomatik nümayəndə heyətlərinin səfərlərini təşkil etməsi daxili və xarici siyasət baxımından Azərbaycanın suveren hüququdur. Xarici diplomatların Azərbaycanın müxtəlif bölgələrinə səfər etməsi beynəlxalq diplomatik praktikada adi haldır. Bu baxımdan həmin səfərlərin Ermənistan tərəfindən mübahisələndirilməsi İrəvanın Azərbaycanın suverenliyi ilə bağlı bəyan etdiyi mövqenin praktik müstəvidə nə dərəcədə ardıcıl olduğunu gündəmə gətirir.
Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurdakı Qafqaz Albaniyası irsi, müxtəlif tarixi-mədəni abidələr və Azərbaycanın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin izləri bu coğrafiyanın ayrılmaz hissəsidir. Buna görə də Azərbaycan həmin irsin qorunması, öyrənilməsi və beynəlxalq ictimaiyyətə təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirir. Ermənistanın bu prosesə kənardan siyasi müdaxilə etməyə çalışması isə Azərbaycan üçün qəbuledilməzdir. Daha mühüm məqam Ermənistanın sülh prosesinə münasibəti ilə bağlı ortaya çıxan ziddiyyətdir. İrəvan son dövrdə sülh gündəliyinə və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair müxtəlif bəyanatlar səsləndirsə də, Qarabağ mövzusunun Ermənistanın siyasi və ictimai diskursunda hələ də aktiv şəkildə saxlanılması başqa mənzərə yaradır. Azərbaycan baxımından sülhün davamlılığı yalnız rəsmi bəyanatlarla deyil, həmin bəyanatların siyasi davranışa çevrilməsi ilə ölçülməlidir. Ermənistanın siyasi, ictimai və media mühitində Qarabağla bağlı köhnə iddiaların yenidən dövriyyəyə buraxılması bu baxımdan ciddi suallar yaradır.
“Eyni zamanda, diplomatik korpusa yönələn reaksiyaların siyasi səviyyəyə keçməsi məsələyə daha geniş prizmadan yanaşmağı tələb edir. Görünən odur ki, ayrı-ayrı şəxslərin emosional və ya radikal açıqlamaları bütövlükdə Ermənistan hakimiyyətinin mövqeyi ilə üst-üstə düşür. Ermənistan hakimiyyət nümayəndələrinin və siyasi dairələrinin oxşar ritorikadan istifadə etməsi bu kampaniyanın ölkədəki siyasi mühitdən tamamilə ayrı olmadığını göstərir”, - deyə deputat qeyd edib.
V.Qafarov vurğulayıb ki, Azərbaycan üçün əsas strateji xətt isə dəyişməz olaraq qalır: Qarabağ məsələsinin artıq ərazi mübahisəsi kimi təqdim edilə bilməz və buna qətiyyən imkan verilməməlidir. Beynəlxalq ictimaiyyətə də yeni reallıq kimi Azərbaycanın suverenliyinin bərpa olunması, bu ərazilərdə genişmiqyaslı quruculuq prosesinin aparılması və tarixi-mədəni irsin qorunması ardıcıl şəkildə göstərilməlidir. Diplomatik korpusun Qarabağa səfərləri də məhz bu baxımdan Azərbaycanın xarici siyasətinin mühüm kommunikasiya vasitələrindən biridir. Sülhün möhkəmlənməsi üçün İrəvan Qarabağ mövzusunu daxili siyasi manipulyasiya predmetindən çıxarıb Azərbaycanın ərazi bütövlüyünün yaratdığı yeni reallığı siyasi və ictimai müstəvidə ardıcıl şəkildə qəbul etməlidir.