Donald Tramp virus səbəbindən 200 min amerikalının ölümünü “yaxşı” ssenari adlandırıb
Bakı, 30 mart, AZƏRTAC
ABŞ hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir addım atmasaydı, 2 milyondan çox amerikalı ölə bilərdi, buna görə də COVID-19 virusundan 100-200 min insanın ölümü yaxşı nəticə ola bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında deyib: “Əgər biz ölüm hallarının sayını 100-200 min nəfərə qədər azalda bilsək, deməli, yaxşı işləmişik”, - deyə Donald Tramp bildirib.
ABŞ Prezidenti, həmçinin xatırladıb ki, bəzi proqnozlara görə yeni koronavirusdan ölənlərin sayı 2,2 milyona çata bilərdi. Ağ evin rəhbərinin fikrincə, ABŞ-da koronavirusdan ölənlərin sayında pik göstərici iki həftə ərzində baş verəcək, pandemiyadan sonra ölkənin bərpası isə iyunun 1-dən başlayacaq.
Donald Tramp, eyni zamanda, COVID-19 virusunun yayılmasına qarşı tədbirlərin aprelin 30-na qədər uzadılması barədə göstəriş verib.
Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, artıq dünyada 720 mindən çox yoluxma və 34 minə yaxın ölüm faktı qeydə alınıb.
ABŞ xəstələrin sayına görə lider ölkədir, burada 143 minə yaxın insan virusa yoluxub, ölənlərin sayı isə 2,4 min nəfəri keçib.