Dördüncü sənaye inqilabı texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu mövzusunda müzakirələr aparılıb
Bakı, 13 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Rəqəmsal Transformasiya İşçi Qrupu arasında görüş keçirilib. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi istiqamətində keçirilən görüşdə ölkədə rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyalarının tətbiqi mövzusunda müzakirələr aparılıb.
4SİM-dən AZƏRTAC-a bildirilib ki, Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri Orxan Quliyev rəqəmsal transformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. 4SİM-in icraçı direktorunun vəzifəsini icra edən Fariz Cəfərov “Dördüncü sənaye inqilabı (4Sİ) texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər, 4Sİ texnologiyalarının tətbiq imkanları və faydaları və rəqəmsallaşmanın dünya iqtisadiyyatının, o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə qısa məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.