Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) 2023-cü ilin birinci yarısına həsr olunan kollegiya iclası keçirilib.
Tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarının cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ötən ilin müvafiq dövrü ilə müqayisəli təhlilinə əsaslanan hesabat dinlənilib. Həmçinin gömrük xidmətində aparılan struktur dəyişiklikləri və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov son dövlərdə gömrük sistemində aparılan təkmilləşdirmələrin mahiyyətindən bəhs edərək deyib ki, dəyişikliklərin əsas hədəfi idarəçliyinin və gömrük inzibatçılığının metodoloji əsaslarla qurulmasıdır. Bu da hədəflərin düzgün müəyyən olunması və qiymətləndirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, bir sözlə fəaliyyətin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra hesabat dövründə görülən işlərlə bağlı müzakirələr aparılıb, Komitənin strateji hədəflərinin icrası istiqamətində tapşırıq və tövsiyələr verilib.