DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ YENİ DƏRS İLİNDƏN DAHA ÜÇ FAKÜLTƏDƏ KREDİT SİSTEMİ TƏTBİQ EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilmişdir.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov çıxış edərək dövlətimizin təhsilin inkişafına qayğısından danışmışdır. Azərbaycanın Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu xatırladan rektor, rəhbərlik etdiyi ali məktəbdə qazanılan uğurları diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu tədris ilində universitetin 10 fakültəsinə 1804 tələbə, magistratura və doktoranturaya isə 10 istiqamət, 42 ixtisas üzrə 250 nəfər qəbul olunmuşdur. İki yeni ixtisas - ekologiya və informatika üzrə də tələbə qəbulu həyata keçirilmişdir.
Azərbaycanın Bolonya prosesinə qoşulması ilə əlaqədar olaraq ADPU-nun kimya, biologiya, fizika və filologiya fakültələrində kredit sisteminin tətbiq edildiyini diqqətə çatdıran rektor, bu tədris ilində daha üç fakültədə - riyaziyyat, tarix, ibtidai təhsilin pedaqogikası və metodikası fakültələrində də kredit sisteminin tətbiq olunacağını söyləmişdir.
Digər natiqlər də təhsilimizə göstərilən dövlət qayğısından bəhs etmiş, əlamətdar gün münasibətilə müəllim və tələbələrə yeni nailiyyətlər arzulamışlar.