Dövlət Turizm Agentliyi veteranlar üçün istirahət turu təşkil edib
Bakı, 27 avqust, AZƏRTAC
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının 40 nəfər üzvü üçün “Şahdağ” Turizm Mərkəzinə birgünlük istirahət turu təşkil olunub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar təşkil edilmiş tur çərçivəsində veteranların və ailə üzvlərinin istirahəti üçün hər cür şərait yaradılıb.
Qurum tərəfindən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq əhalinin müvafiq təbəqəsinin, o cümlədən sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş veteranlara, habelə əmək veteranlarına sosial diqqət və qayğının göstərilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu cür turların mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılır.