Dövlət Xidməti Astarada gənclər üçün tədbirlər keçirib














Bakı, 11 aprel, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Astara rayonunda tədbirlər keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Astara rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. Tədbirdə rayon ictimaiyyəti, SHXÇDX-nın rəhbər heyəti, valideynlər və digər qonaqlar iştirak ediblər. Hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz veriblər.
Sonra Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Mədəniyyət Mərkəzində gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda görüş keçirilib. Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
Tədbirdə SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar bu mövzuda geniş məlumat təqdim edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də geniş məlumat verib.
Sonra SHXÇDX-nın Astara rayon şöbəsinin rəisi polkovnik-leytenant Orxan Əhmədov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.