İQTİSADİYYAT
Dövlət Xidmətinin əməkdaşları İspaniyada ikitərəfli görüşlər keçiriblər
Bakı, 24 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərliyi ilə nümayəndə heyəti İspaniya Krallığına işgüzar səfər çərçivəsində beynəlxalq təşkilatlar və milli rəqabət qurumları ilə səmərəli görüşlər keçirib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) 22-ci illik konfransı zamanı baş tutan görüşlərdə xarici dövlətlərin rəqabət qurumları ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib, bu sahəni tənzimləyən qurumların fəaliyyətlərində yeniliklər və mill iqtisadiyyatlarda rəqabətin təşviqi istiqamətində müzakirələr aparılıb.
Konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Beynəlxalq Ticarət və Mallar üzrə Rəqabət və İstehlakçı Siyasətləri istiqamətinin rəhbəri Teresa Moreira ilə görüş keçirilib, son illər Azərbaycanda rəqabət sahəsi üzrə aparılan institusional islahatlar, xüsusilə “Rəqabət Məcəlləsi” və “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə məlumat verilib.
Görüşdə, həmçinin “Rəqabət Məcəlləsi”nin tətbiqi üzrə normativ aktların və təlimatların beynəlxalq təcrübəyə uyğun hazırlanması istiqamətində texniki dəstək, eyni zamanda Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi və rəqabətin təşviqi sahəsində maarifləndirmə imkanları üzrə əməkdaşlığın qurulmasına dair razılıq əldə olunub.
Konfransın gedişatında Macarıstanın Rəqabət Qurumunun prezidenti Csaba Balazs Riqo ilə görüş zamanı rəqabət qanunvericiliyini inkişaf etdirmək məqsədilə qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, yaxın gələcəkdə prioritet istiqamətlər üzrə saziş layihəsinin imzalanması məsələləri müzakirə edilib.
Tədbirdə, həmçinin Dövlət Xidmətinin nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmiləri (OECD) ilə də görüşüb, ölkədə rəqabət vəziyyətinin qiymətləndirilməsi üzrə əsas meyarlar, dövlət satınalmaları sahəsində saxtakarlıq və digər haqsız rəqabət formaları ilə mübarizə üsulları, həmçinin rəqabət təhlilləri metodologiyalarına dair əsas prinsiplər barədə məlumat verib. Müzakirələr zamanı məhkəmə orqanları əməkdaşları üçün rəqabət hüququ sahəsində təlimlərin təşkili imkanları ilə yanaşı, tərəflər arasında digər mümkün qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Səfər çərçivəsində Özbəkistan Respublikası Rəqabətin Təşviqi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Şahruh Şərəhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bir müddət öncə imzalanmış ölkələrarası Əməkdaşlıq haqqında protokoldan irəli gələn müddəalar və qarşıya qoyulan hədəflərə dair müzakirələr aparılıb. Rəqabət siyasəti, istehlakçı hüquqlarının müdafiəsi və reklam bazarlarının tənzimlənməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi, müvafiq bazarlarda tədqiqatlar və rəqabətin inkişafının təhlili sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinə də diqqət yetirilib.
Konfransın yekununda İngiltərənin Rəqabət Qurumunun (CMA) nümayəndəliyi ilə istehlak bazarına nəzarət sahəsində əməkdaşlıq imkanları, məsafədən satış və xidmətlər zamanı istehlakçıların üzləşdikləri problemlərin aradan qaldırılması, rəqəmsal bazarlarda rəqabətliliyin, ümumilikdə istehlakçı məmnunyyətinin təmin olunması istiqamətində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.