Dövlətimiz pandemiyaya qarşı bütün tədbirləri ən yüksək səviyyədə həyata keçirir
Bakı, 27 mart, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı Azərbaycanda dövlət tərəfindən geniş işlər həyata keçirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib.
Bu pandemiyanın fəsadlarını neytrallaşdırmaq üçün dövlət və vətəndaşlar arasında milli həmrəyliyin olduğunu deyən T.İsmayılov qeyd edib ki, hazırda dövlətimiz pandemiyaya qarşı bütün tədbirləri ən yüksək səviyyədə həyata keçirir.
“Nazirlər Kabineti yanında Operativ Qərargah, TƏBİB və Səhiyyə Nazirliyi, qəhrəman həkimlərimiz gecə-gündüz çalışırlar. Ölkə başçısı Koronavirusa görə elan olunan karantinin iqtisadi fəsadlarını aradan qaldırmaq üçün 1 milyard manat vəsait ayırıb. Dörd işçi qrup iqtisadi sabitliyin zərər çəkməməsi üçün işləyir. Bundan başqa, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bütün dünyaya örnək olacaq addımdır. Həm ölkə başçısı, həm Birinci vitse-prezidentimiz öz birillik əməkhaqlarını fonda ianə etdilər. Hazırda isə dövlət qurumları, millət vəkilləri, şirkətlər, vətəndaşlar möhtəşəm milli birlik nümunəsi göstərərək fonda ianələr edirlər”, - deyə politoloq söyləyib.
T.İsmayılov əlavə edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 20 milyon manat ayrılan Fondda qısa zamanda 86 milyon manat ianə edilib və könüllü ödənişlər davam edir: “Bundan başqa könüllülər, YAP Gənclər Birliyi möhtəşəm aksiyalar keçirirlər, yaşlı insanlara yardımlar edilir, insanlara tibbi və dezinfeksiyaedici vasitələr paylanılır. Milli həmrəylik milli təhlükəsizliyin qarantıdır. Bu gün biz ölkəmizdə pandemik bəlaya qarşı fəxr ediləcək vəhdət görürük. Dövlətin gördüyü işlərə dəstək olmalıyıq. Vətəndaşlar gigiyena və karantin qaydalarına əməl etməli və bu virusu ciddiyə almalıdır. Evdə qalmalı, çölə çıxarkən isə bütün virus əleyhinə göstərişlərə əməl etməliyik. Milli birlik bu pandemiyanı məğlub edəcək”.