Ədalət Məmmədov: Ukraynada oxuduğumuz müddətdə də Ulu Öndərin qayğısından kənarda qalmadıq
Bakı, 2 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə mən də 1982-ci ildə xaricdə təhsil alan tələbələr sırasında olmuşam. Ukraynanın Xarkov Mühəndislik və İqtisadiyyat İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə təhsilimi bitirib Vətənə qayıtmışam.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.
O, Heydər Əliyevlə görüşünü belə xatırlayır: “1982-ci ildə Ulu Öndər bizi valideynlərimizlə birlikdə qəbul etdi. Təntənəli görüşdə Heydər Əliyev bizə qiymətli hədiyyələr təqdim etdi. Avqust ayında bizə tələbə təqaüdü təyin olundu. 800-ə yaxın tələbə idik, ödənişsiz təyyarə ilə təhsil alacağımız şəhərə yollandıq. Orada oxuduğumuz müddətdə də Ulu Öndərin qayğısından kənarda qalmadıq. Ümummilli Lider 1998-ci ildə ikinci dəfə hakimiyyətə gələndə də təkrar bizimlə görüş keçirdi”.
Ədalət Məmmədov bildirib ki, Azərbaycanın müstəqillik tarixi Ulu Öndərlə birbaşa bağlıdır.
“Mənimlə təhsil alan insanlardan bəziləri qalıb orada yaşayıblar. Sonradan Azərbaycan diasporunun formalaşmasında həmin şəxslərin böyük xidməti olub. Artıq Ulu Öndərin 30 il bundan qabaq gördüyü işlər bəhrəsini verir. Prezident İlham Əliyev uğurla Heydər Əliyev siyasətini davam etdirir. 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının Müzəffər Ali Baş komandanla birlikdə belə möhtəşəm bir Qələbə qazanması hər şeyin sübutudur”, - deyə o bildirib.