EKOL futzal klubu dördüncü dəfə Azərbaycan kuboku yarışlarının qalibi olub
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Bakı İdman Sarayında futzal üzrə XXV Azərbaycan kubokunun final oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, EKOL və “Advokat” komandaları arasında keçirilən həlledici oyundan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən ölkə kubokunun finalı üçün hazırlanmış fləşmob nümayiş etdirilib.
Heyətlə bağlı problem yaşamayan tərəflərin duelində hesabı “Advokat” aça bilərdi. Amma qapıçı ilə üzbəüz qalan Vüsal İsayev şansını qaçırıb. Əvəzində EKOL iki ardıcıl qol vurub. Birinci hissənin ortalarında “Advokat” 10 metrlik zərbə vurmaq hüququ qazansa da, Ceyhun Əhmədov tiri nişan alıb. Fasiləyədək Namiq Məmmədkərimov qollarının sayını 4-ə çatdırıb. İkinci Liqa təmsilçisi isə növbəti 10 metrlik zərbədən faydalana bilməyib.
İkinci hissədə də nominal meydan sahibləri üstünlüyünü qoruyub. Beləliklə görüş EKOL-un 7:3 hesablı qələbəsi ilə yekunlaşıb və komanda dördüncü dəfə ölkə kubokunun qalibi olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. EKOL komandasının üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. Mükafatları AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər.