“Ekologiya İli” çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir
Bakı, 3 fevral (AZƏRTAC). “Ekologiya İli” çərçivəsində respublika ərazisində 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu fakt nazirlikdə keçirilmiş kollegiya iclasında diqqətə çatdırılmışdır. İclasda “Ekologiya ilində” görülmüş işlər və qarşıda duran vəzifələr, o cümlədən ətraf mühitin mühafizəsi, meşələrin inkişafı və bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentlərinin və onların tabeli qurumlarının 2010-cu il üzrə fəaliyyətlərinin yekunları müzakirə edilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Prezident İlham Əliyevin ekologiya məsələlərini daim diqqət mərkəzində saxladığını, ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verdiyini, bu sahədə iri layihələrin uğurla həyata keçirildiyini bildirmişdir.
İclasda dövlətimizin başçısının Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlərin aparıldığı qeyd olunmuşdur. Bildirilmişdir ki, “Ekologiya ili” çərçivəsində həyata keçirilən ağacəkmə kampaniyasında dövlət, özəl sektor və əhalinin fəal iştirakı nəticəsində təkcə Bakıda və Abşeron yarımadasında 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac və kol bitkisi əkilmişdir.
Kollegiya iclasında yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlər barədə də məlumat verilmişdir.
Bildirilmişdir ki, dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədi ilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilmişdir. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir.
Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2010-cu ildə hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 844 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən, 863 icrası məcburi olan göstəriş verilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 132, məhkəmələrə 143, məhkəmə icraçılarına 605 iş göndərilmişdir.
Bundan əlavə, ötən il ərzində meşələrin artırılması məqsədi ilə 10696 hektar sahədə meşəbərpa tədbirlərinin, o cümlədən 3521 hektarda meşə əkini və səpini işlərinin həyata keçirildiyi, meşə əkinlərinin becərilməsi ilə bağlı 32328 hektarda xidmət, 31944 hektarda isə suvarma işlərinin aparıldığı, müxtəlif ağac və kol cinslərindən 159452 kiloqram toxum və müəssisələr üzrə 38681 kubmetr həcmində oduncaq tədarük edildiyi vurğulanmışdır.
Ötən il ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınmış, yanğın əleyhinə vaxtaşırı profilaktiki və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə fonduna ciddi ziyan dəyməmişdir.
2010-cu ilin sentyabr-oktyabrında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən bəzi yerlərdə meşələrin qırılması barədə daxil olmuş şikayətlərə əsasən, meşə mühafizəsi və bərpası müəssisələrində kompleks yoxlamalar aparılmışdır. Qanun pozuntularına yol verdiklərinə görə 136 nəfər tutduğu vəzifədən azad edilmiş, 175 nəfərə töhmət, 68 nəfərə isə şiddətli töhmət verilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə nəticəsində artıq ceyranların tarixi areallarından olan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdlərinin köçürüldüyü, 2010-cu ilin yayında Ağgöl milli parkında onların təbii artımının müşahidə olunduğu bildirilmişdir.
İclasda 2010-cu ildə ətraf mühitin mühafizəsi sahəsində qazanılan nailiyyətlərlə bərabər, bir sıra nöqsan və çatışmazlıqların olduğu da diqqətə çatdırılmış, onların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar verilmişdir.
Bir sıra ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin və milli parkların rəhbərləri tutduqları vəzifələrdən azad olunmuş, bir neçə rəhbər işçiyə töhmət verilmiş, xəbərdarlıq edilmiş, onların vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılmışdır.
Abşeron yarımadasında neft məhsulları və digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası və yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması və alternativ enerji mənbələrindən istifadə növbəti illər üçün prioritet hədəf kimi götürülmüşdür.