“Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Bakı, 15 dekabr (AZƏRTAC). Dekabrın 15-də Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Ekoloji problemlər: yaranma səbəbləri və həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
BDU-nun elmi işlər üzrə prorektoru, professor İsmayıl Əliyev bildirmişdir ki, tədbirin məqsədi real ekoloji vəziyyəti gənclərin gözü ilə qiymətləndirmək və bu sahənin gənclər tərəfindən daha çox araşdırılmasına nail olmaqdır. Ekoloji problemlərin həlli hazırda dünyada ən aktual mövzularındandır. Sürətli iqtisadi, elmi-texniki inkişaf dünyada ekoloji problemlərin yaranmasına gətirib çıxarmışdır. Azərbaycanda ətraf mühitin qorunması daim diqqət mərkəzindədir. 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunması bunun bariz nümunəsidir. Ekoloji problemlərin həllində ictimaiyyətin iştirakı da vacibdir. Bunun üçün insanlar maarifləndirilməlidir. Gələcəyimizi qorumaq üçün ekologiyaya xüsusi diqqət yetirməliyik.
Tədbirdə “Qlobal ekoloji problemlər və kimya”, “Ekoloji problemlərin coğrafi aspektləri”, “Bioloji müxtəlifliyin qorunması problemləri və həlli yolları”, “Davamlı inkişaf və ekoloji problemlər”, “Suyun sosial ekosistemdə rolu” və digər mövzularda məruzələr dinlənmişdir.
Eyni zamanda, konfransla bağlı təşkilat komitəsinə 1 ay əvvəl ekoloji mövzuda təqdim olunan 50 elmi məqalə arasında bəyənilmiş məqalə müəllifləri mükafatlandırılmışlar.