ELMİ-PRAKTİKİ KONFRANS MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Musiqi Gününə həsr olunmuş “Azərbaycan bəstəkarlıq irsinin tədqiqi dünən və bu gün” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Muzeyin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əlamətdar gün münasibətilə iştirakçıları təbrik edərək bildirmişdir ki, Musiqi Günü 1995-ci ildən başlayaraq hər il sentyabrın 18-də ulu öndərimiz Heydər Əliyevin Fərmanına əsasən qeyd olunur. Həmin gün Azərbaycan klassik musiqisinin yaradıcıları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin anadan olduqları gündür.
Natiq Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafında Üzeyir Hacıbəyovun əvəzsiz xidmətlərindən danışmışdır. Vurğulamışdır ki, Ü.Hacıbəyov böyük bəstəkar olmaqla yanaşı, həm də publisist və musiqişünas olmuşdur.
S.Məmmədəliyeva vurğulamışdır ki, bu gün ölkəmizdə milli musiqinin inkişafına, incəsənət adamlarına qayğı göstərilməsinə xüsusi diqqət yetirilir. Beynəlxalq miqyaslı nailiyyətlərimiz də məhz bunun nəticəsində mümkün olur.
Konfransda AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi Zemfira Səfərova, muzeyin direktoru, sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova, Bəstəkarlar ittifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professorları Fərəh Əliyeva, Şəhla Həsənova və başqaları məruzə etmişlər.
Məruzələrdə Azərbaycan musiqişünasları tərəfindən Ü.Hacıbəyov yaradıcılığının tədqiqi və araşdırılmasından, musiqişünaslıqda mənbəşünaslığın rolunun artırılmasının vacibliyindən, Qara Qarayev bəstəkarlıq məktəbinin xüsusiyyətlərindən, milli bəstəkarlıq məktəbinin yaranması və təşəkkülünün kulturoloji aspektlərindən, Ü.Hacıbəyovun unudulmuş, yarımçıq qalmış əsərlərindən və s. ətraflı söz açılmışdır.
Tədbirdə incəsənət ustalarının ifasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərlərindən parçalar səsləndirilmişdir.