Elmi seminar: Jurnalların istinad göstəricisi
Bakı, 15 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn seminarında “Jurnalların istinad göstəricisi” (“Journal Citation Indicator”) mövzusunda məruzə dinlənilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. İnstitutun dissertantı, böyük elmi işçi Nərmin Adıgözəlova qeyd edib ki, 1976-cı ildən “Jounal Citation Reports”da (JCR) ilk jurnalın nəşr olunmasından etibarən istinad olunan məqalələrin və istinadların analizi məsələsi aktual olub. JCR həm kitabxanaların dəstəklənməsi, həm də məqalə müəlliflərinin qiymətləndirilməsi üçün obyektiv ölçü vasitəsidir. “Journal Impact Factor” isə elmi jurnalın istinad olunma təsirinin standart ölçüsüdür. “Journal Citation Indicator” “Web of Science” bazasının yeni qiymətləndirmə indeksidir.
Məruzəçi jurnalların “Web of Science” daxil olması üçün qoyulan tələbləri diqqətə çatdırıb. Qeyd edib ki, bunun üçün beynəlxalq nəşriyyat standartlarına cavab vermək, redaksiya heyəti və müəlliflərin beynəlxalq tərkibi, jurnalın məzmunu, istinad analizi və s. nəzərə alınır. Tədqiqatçı, keyfiyyət göstəricilərinə cavab verən jurnalların “Emerging Sources Citation Index™-ə (ESCI) daxil olduğunu diqqətə çatdırıb.
Tədqiqatçı jurnallarda istinad göstəricilərinin hesablanma qaydaları haqqında da məlumat verib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.