Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb
Bakı, 16 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda bərpaolunan enerji güclərinin və regional yaşıl enerji dəhlizlərinin yaradılması, yaşıl enerji texnologiyalarının inkişafı, ölkəmizlə IRENA arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) vasitəsilə bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində əməkdaşlıq, Bakıda İnvestisiya Forumunun təşkili məsələləri nəzərdən keçirilib. Həmçinin IRENA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpaolunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü, bu ilin aprel ayında Əbu-Dabidə keçiriləcək IRENA Assambleyasının on dördüncü sessiyasında iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.