Ərəb dilində çapdan çıxmış “Xocalıya ədalət” kitabının təqdimatı olmuşdur
Bakı, 28 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Xocalı soyqırımına həsr olunmuş “Xocalıya ədalət” kitabının təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fələstin, Liviya, Mərakeş, Qətər və Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliklərinin, müxtəlif QHT-lərin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev kitabın ərəb dilində çapdan çıxmasının əhəmiyyətini vurğulamışdır. Azay Quliyev bu nəşrin Xocalı hadisələri ilə bağlı faktların ərəb dünyasına müfəssəl şəkildə çatdırılmasına kömək edəcəyini bildirmişdir.
Şuranın sədri Xocalı faciəsi haqqında təbliğatın bütün ilboyu aparılmasının vacibliyini xüsusilə diqqətə çatdırmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının bu çərçivədə əhəmiyyətli layihələr reallaşdırdığı qeyd edilmişdir.
Tədbirdə çıxış edən Fələstinin Azərbaycandakı səfirinin birinci müavini Valed Tayem nəşrin ərəb ölkələrinin kitabxanaları üçün mühüm töhfə olacağını vurğulamışdır. Diplomat Fələstin xalqının azərbaycanlıların problemlərini çox yaxşı anladığını qeyd etmişdir.
Kitabın müəllifi Əli Rzazadə əsərdə bəşəriyyətə qarşı ağır cinayət və soyqırımı kimi qiymətləndirilən faciə barədə ərəbdilli oxuculara ətraflı məlumat verildiyini diqqətə çatdırmışdır. Müəllif, həmçinin qətliamın səbəblərinin, həlak olanların siyahısının, müxtəlif beynəlxalq xəbər agentliklərinin məlumatlarının, hadisəni soyqırımı kimi tanıyan beynəlxalq hüququn norma və prinsiplərinin, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin faciəyə verdiyi siyasi qiymətin kitabda ətraflı işıqlandırıldığını bildirmişdir.
Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni kitabın əhəmiyyətindən və ərəb ictimaiyyətinə verəcəyi töhfələrdən bəhs etmişlər.