Ermənilər Xocalı uşaqlarının arzularını güllələmişlər
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Beşikdə güllələnən arzular” filmini təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mərasimdə ATGTİ-nin sədri, filmin ideya müəllifi Şahin İsmayılov çıxış edərək erməni silahlı birləşmələrinin Xocalıda dinc əhaliyə qarşı xüsusi amansızlıqla törətdikləri vəhşiliklər barədə danışmışdır.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, ölkəmizdə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı müxtəlif anma tədbirləri keçirilir, sənədli film və kitablar təqdim olunur. Eyni zamanda, xarici ölkələrdə də təhsil alan və işləyən Azərbaycan gəncləri “Xocaliya ədalət!” kampaniyası çərçivəsində tədbirlər keçirir, insanlığa qarşı yönəlmiş bu cinayəti dünya ictimaiyyətinə çatdırırlar.
Xocalı həqiqətlərinin təbliğində dövlətin və Heydər Əliyev Fondunun gördüyü işlərdən danışan nazir müavini demişdir ki, Ermənistanın çökməkdə olan iqtisadiyatı ilə müqayisədə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Bu da bizə Xocalıda baş verənlərin soyqırımı kimi tanıdılmasında geniş imkanlar yaradır. Xüsusilə gənclər müasir texnologiyalardan istifadə etməklə Xocalıda baş verənləri olduğu kimi dünya ictimaiyətinə çatdırmalıdırlar.
Milli Məclisin deputatları Novruzəli Aslanov, Sevinc Hüseynova və İlham Məmmədov çıxış edərək Xocalıda baş verənləri soyqırımı kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, ermənilərin Xocalıda törətdikləri əməllər təkcə azərbaycanlılara deyil, bəşəriyyyətə, insanlığa qarşı yönəlımiş cinayətdir.
Sonra Sədi Məmmədovun rejissoru olduğu 27 dəqiqəlik film nümayiş etdirilmişdir.
Filmdə Xocalı uşaqlarının xəyalları və arzuları canlandırılmışdır. Uşaqlardan biri-balaca qızcığaz dərzi olmaq istəyir. Anasından iynə tutmağı öyrənir. İstəyir ki, xoşbəxtlik rəmzi olan ağ gəlinlik paltarı biçsin. Başqa bir uşağın arzusu meşəbəyi olmaqdır. Evlərinin pəncərəsindən baxanda görünən meşənin ağaclarını qorumaq istəyir. Xocalı uşaqları müəllim, əsgər, həkim olmaq istəyirlər. Ancaq ermənilər öz çirkin əməlləri ilə onların istəklərini boğurlar. Onların arzuları güllələnir. Hələ bu azmış kimi dahi Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın heykəllərini də güllələyirlər.
Tamaşaçılar Xocalı uşaqlarının arzularının rellaşmamasını bütün dolğunluğu ilə əks etdirən filmi həyəcanla izləmişlər.