Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə çirkab sular axıdılır
Bakı, 16 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə fevral ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, fevralın birinci ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının üçüncü ongünlüyünə nisbətən 14 kubmetr/saniyə artaraq 152 kubmetr/saniyə təşkil etmişdir.
Monitorinq aşkara çıxarmışdır ki, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun tərkibindəki spesifik çirkləndiricilər- fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir. Belə ki, Şıxlı-2 məntəqəsində bu birləşmələr 2, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə normadan artıq olmuşdur.
Ermənistan ilə transsərhəd Araz çayında suyun sərfi 92,3 kubmetr/saniyə təşkil etmişdir. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, birinci Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.