Ermənistandakı hasilat yataqları ölkəmiz üçün çox zərərlidir - Mütəxəssis
Bakı, 25 avqust, AZƏRTAC
Faydalı ehtiyatların istismarı gəlirli sahə olsa da ətraf mühitə mənfi təsir göstərir. Aktiv istismar zamanı emal mərhələləri çoxsaylı ekoloji
problemlərlə müşayiət olunur. Bu tip ərazilərin monitorinqində kosmik metodlar geniş istifadə olunur. Hazırda müxtəlif peyklər Yer səthinin mütəmadi olaraq müxtəlif diapazonlarda təsvirlərinin əldə olunmasını təmin edir. Peyk təsvirlərinin geniş əhatə dairəsi, istənilən ərazi üçün məlumatların operativ əldə olunması, həmin məlumatların obyektivliyi kimi xüsusiyyətləri onları ətraf mühitin monitorinqində əvəzolunmaz vasitəyə çevirir. Müxtəlif dövrlərdə əldə olunmuş təsvirlərin müqayisəli təhlili ərazidə baş verən dəyişikliklərin aşkarlanmasına, dəyişmə dinamikasının və tendensiyasının müəyyən edilməsinə imkan verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqinə dair "Environmental Protection First" QHT koalisiyasının hesabatı zamanı Azərbaycan Respublikasının Kosmik Agentliyinin aparıcı mütəxəssisi Aqil Əhmədov söyləyib.
O bildirib ki, hesabatda ən çox önəm verilən məsələ mədənin ərazilərimizdən neçə kilometr uzaqda olmasıdır. "Ermənistan ərazisindəki hasilat mədənlərinin kosmik monitorinqi həyata keçirilib. Biz bu monitorinqdən yaxşı nəticə almışıq. Ermənistan respublikasında olan hasilat yataqları ölkəmiz üçün çox zərərlidir", - deyə Aqil Əhmədov bildirib.