“Fars” xəbər agentliyi: Xocalı soyqırımını törədənlər beynəlxalq tribunallarda cavab verməlidir
Bakı, 1 mart (AZƏRTAC). İranın “Fars” xəbər agentliyinin saytında “Xocalı soyqırımını törədənlər beynəlxalq tribunallarda cavab verməlidir” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalədə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Türkiyənin Keçiörən bələdiyyəsində keçirilmiş anma mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyə istinadla qeyd edilir ki, Xocalı qətliamı müasir dünyanın gözü qarşısında törədilmiş bəşəri cinayətdir. Odur ki, bu cinayəti təşkil edənlərə və törədənlərə bəraət yoxdur.
Müəllif Xocalı soyqırımı ilə bağlı faktları da diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Xocalı soyqırımı erməni millətçilərinin 100 il əvvəl Balkanlarda, Anadoluda və Qafqazda müsəlman-türk əhaliyə qarşı törətdikləri qanlı cinayətlərin davamıdır.
Keçmiş SSRİ-nin süqutu ərəfəsində təcavüzkar Ermənistanın Azərbaycana qarşı başladığı əsassız ərazi iddiası nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ağır nəticələri - ərazisinin bir qisminin hərbi işğala məruz qalması, bir milyondan çox günahsız insanın qaçqın və məcburi köçkünə çevrilməsi kimi faktlar da məqalədə yer almışdır. Məqalənin tam mətnini (http://turkish.farsnews.com/newstext.aspx?nn=9211115678) linkindən oxumaq olar.