FHN: Xilasedicilər “zərərçəkmişləri” çoxmərtəbəli binadan təxliyə ediblər
Bakı, 17 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, çoxmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı səmərəli idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti zərərçəkmişləri “çoxmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstərib”, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar verilib.