REGİONLAR
Fövqəladə Hallar Nazirliyi Lənkəranda taktiki təlim keçirib
AZƏRTAC xəbər verir ki, məqsəd fövqəladə hallar zamanı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığını yoxlamaq, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarını daha da artırmaq, eləcə də fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişləri aşılamaqdır.
Təlim Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında keçirilib.
Təlimə FHN qurumlarının struktur bölmələri və cənub bölgəsində yerləşən rayonların ərazi xilasetmə qüvvələri cəlb olunublar.
Təlim zamanı şərti olaraq məlumat verilib ki, avqustun 29-da saat 9.00-da episentri Xəzər dənizində olmaqla, Lənkəran şəhərindən 30 kilometr cənub-şərqdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü Lənkəran şəhərində 6,5 bal, Astarada 6 bal, Lerik rayonunda 5,2 bal, Yardımlıda isə 4,5 bal olub.
İlkin məlumata görə, zəlzələ zamanı köhnə tikililər qismən dağıntılara məruz qalıb, bina və sənaye obyektlərində yanğınlar baş verib, kommunikasiya xətləri sıradan çıxıb.
Təlim zamanı ilk mərhələdə quruda və havada kəşfiyyat qrupları tərəfindən hadisə yerinə baxış keçirilib, zəlzələnin fəsadları müəyyənləşdirilib.
Daha sonra yanğından xilasetmə, suda xilasetmə və helikopterdən hadisə yerinə enmiş xüsusi təlim keçən itlə birgə desant qrupları yanğının söndürülməsi, hadisə zamanı xəsarət alan fəhlələrin təxliyə və xilas olunması ilə bağlı təlimlər nümayiş etdirilib.
Qəza xilasetmə işləri aparılan zaman 15 nəfər xilas edilib, 60 nəfər təhlükəli ərazidən təxliyə olunub, baş verən yanğınlar lokallaşdırılıb, kombinatda kimyəvi qəza və nəqliyyat qəzalarının nəticələri aradan qaldırılıb.
Taktiki təlimi Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev izləyib.
Təlimin sonunda E.Mirzəyev meşə yanğınlarının söndürülməsində fəallıq göstərən şəxslərə FHN-in rəhbərliyi adından xatirə hədiyyələri təqdim edib.