Frankfurt-Mayn şəhərində Azərbaycana dair təqdimat mərasimi keçirilmişdir
Bakı, 27 may (AZƏRTAC). Almaniyanın Frankfurt-Mayn şəhərində Əcnəbilər Şurasının təşkil etdiyi rəsmi qəbulda Azərbaycana dair təqdimat mərasimi keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki,
Azərbaycan Respublikasının ənənəvi illik qəbulunda təqdimatının keçirilməsi cari ildə həmyerlimiz, politoloq Cümə Məmmədovun Əcnəbilər Şurasının deputatı seçilməsi ilə bağlıdır.
Ənənəyə əsasən, ilk dəfə olaraq şuraya deputat seçilmiş əcnəbilər vətəndaşı olduqları ölkələrin təqdimatını təşkil edirlər. Bu il Əcnəbilər Şurasının rəsmi qəbulunda Azərbaycan ilə yanaşı Ukrayna, Serbiya və Çinə dair təqdimat mərasimləri keçirilmişdir.
Rəsmi qəbuldakı qonaqların yekdil rəyinə görə, ən yaxşı təqdimatı Azərbaycan etmişdir. C.Məmmədov və Almaniyanın ən iri universitetlərindən birinin tələbə hərəkatının nümayəndəsi, tibb fakültəsinin tələbəsi Cavid Məmmədov tərəfindən hazırlanmış təqdimat böyük rəğbətlə qarşılanmışdır.
Azərbaycanın investisiya, turizm və mədəni potensialı, onun sürətli inkişafı və uzaqgörən dövlət siyasəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər qonaqların böyük marağına səbəb olmuşdur.
Mərasimdə nümayiş olunmuş əyani vəsaitlər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmişdir.
Qonaqlara alman dilində çap olunmuş ölkəmizin milli mətbəxinə dair kitablar paylanmışdır. Azərbaycan mətbəxinin nümunələri - şəkərbura, paxlava, zeytun yağı, çay, müxtəlif meyvə və giləmeyvələrdən hazırlanmış mürəbbələr qonaqların xüsusi marağına səbəb olmuşdur. Müxtəlif iqlim qurşaqlarında bitən bu meyvələrin Azərbaycanda yetişməsi Ukraynanın konsulunu və şəhər parlamentinin deputatlarını təəccübləndirmişdir.
Təqdimat mərasimində “Eurovision-2011” müsabiqəsində qalib gəlmiş Azərbaycan təmsilçilərinin mahnısı səsləndirilmiş, Bakının sürətli inkişafına dair videoçarx göstərilmişdir.
Azərbaycana dair təqdimat mərasimi ölkəmizin Almaniyadakı səfirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Almaniyadakı nümayəndəliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzinin dəstəyi ilə keçirilmişdir.
######
