Fransa radiosunda Xocalı soyqırımından bəhs edən veriliş səslənmişdir
Paris, 28 fevral (AZƏRTAC). Fransada Azərbaycanla bağlı ayda bir dəfə efirə gedən radio verilişi bu dəfə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmişdir.
Aparıcılar 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni hərbçilərinin Xocalıya hücum etdiklərini, şəhərin günahsız sakinlərini - qadınları, uşaqları və yaşlı insanları amansızcasına qətlə yetirdiklərini fransız dinləyicilərə çatdırmışlar.
Xocalı soyqırımının yalnız azərbaycanlılara deyil, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilən qanlı cinayət olduğu, 613 sakinin qətlə yetirildiyi, minlərlə insanın yaralandığı və itkin düşdüyü, əsir götürüldüyü bildirilmişdir.
Verilişdə dünya ictimaiyyətinin XX əsrin görünməmiş soyqırımı olan Xocalı faciəsinə göz yumması, bu hadisələrə siyasi qiymət verməməsi təəssüf hissi ilə qeyd edilmişdir.
Aparıcılar Xocalı soyqırımının fəal iştirakçılarının - yüzlərlə azərbaycanlını qətlə yetirmələri ilə fəxr edən insanların hazırda Ermənistanda yüksək rəhbər vəzifələrdə olduqlarını, müharibə cinayətkarları kimi məsuliyyətə cəlb edilmədiklərinı diqqətə çatdırmışlar.
Aparıcılar Xocalı faciəsinə dünyada birmənalı mövqeyin nümayiş etdirilməsinin zəruriliyini vurğulamışlar. Fransız bəstəkar Pyer Tiluanın “Xocalı 613” musiqi əsərini bəstələməsi nümunə kimi qeyd edilmişdir.
Verilişdə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları səslənmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris