GƏLƏN İL ÖLKƏDƏ REGİONAL İNNOVASİYA ZONASININ YARADILMASINA BAŞLANACAQDIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi gələn il ölkədə regional innovasiya zonasının (RİZ) yaradılması üzrə işlərə başlamağı planlaşdırır.
Nazir Əli Abbasov AZƏRTAC-a bildirmişdir ki, layihə üzrə hazırlanmış təkliflər paketi Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir. Təkliflər ABŞ-ın “Booz Allen Hamilton” məsləhətçi şirkəti, beynəlxalq və yerli mütəxəssislər tərəfindən hazırlanmışdır.
RİZ ölkə miqyasında informasiya-kommunikasiya texnologiyaları və digər texnoloji tutumlu məhsul və xidmətlərin istehsalı, istehlakı, ixracı ilə məşğul olan özəl, dövlət, yerli, xarici şirkətlər üçün güzəştli monitar, fiskal, tarif və digər xidmətlərin yaradılmasını nəzərdə tutur. RİZ çərçivəsində dövlət dəstəyinə əsaslanan təhsil və tədqiqat mərkəzlərinin, o cümlədən informasiya texnologiyaları universitetinin, innovasiyayönümlü kiçik və orta sahibkarlığın yaradılması planlaşdırılır.