Gənc müəllim: Şagirdlərimə azad olunmuş torpaqlarımızdan danışmağın qürurunu yaşayıram
Şərur, 9 oktyabr, AZƏRTAC
Mən bu il “Naxçıvan” Universitetindən tarix ixtisası üzrə məzun olmuşam. Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarında uğur qazanaraq muxtar respublikanın Şərur rayonunun Havuş kənd tam orta məktəbinə tarix müəllimi kimi işə qəbul edilmişəm. Rayonun Dərəkənd kəndində yaşadığım üçün bilirdim ki, Havuş kəndi rayon mərkəzindən 35 kilometr şərqdə, təcavüzkar Ermənistanla sərhəddə yerləşir. Yaşayış məntəqəsinin düşmənlə sərhəddə yerləşməsi məni qorxutmadı. Əksinə, qürurlanırdım ki, vaxtilə mövcud olan çətinliklərə baxmayaraq öz ev-eşiklərini, yurd-yuvalarını tərk etməyən havuşluların övladlarının müəllimi olacağam. Qüdrətli ordumuz tərəfindən göz bəbəyi kimi qorunan bu yurd yerində yaşamaq və işləmək gözəldir.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri tarix müəllimi Gözəl Əhmədova deyib. O qeyd edib ki, cəbhədən gələn hər bir xoş xəbərlə məktəbimizdə əsl bayram əhval-ruhiyyəsi yaşanır.
Gözəl Əhmədova deyib: “Mən özümü xoşbəxt hesab edirəm. Ona görə ki, şagirdlərimə əzəli və əbədi Azərbaycan torpaqlarının tarixindən danışıram. Diqqətlərinə çatdırıram ki, işğaldan azad etdiyimiz torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Bütün dərslərimdə vurğulayıram ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə elə bir cavab verəcək ki, biz hər zaman tarix dərslərimizdə bundan qürurla söhbət açacağıq. Mən bir gənc kimi əminəm ki, qələbə bizimdir və bizim olacaq. Eşq olsun Azərbaycan Ordusuna!”.