Gəncə Peşə Hazırlığı Mərkəzi daha 41 nəfəri peşə hazırlığına cəlb edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzində yeni peşə hazırlığı kurslarına başlanılıb.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə köçürülmüş vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək məqsədilə “Dərzi” peşə hazırlığı kursu açılıb. Gəncə Peşə Hazırlığı Mərkəzi və Şərqi Zəngəzur RMF-nin birgə təşəbbüsü ilə fəaliyyətə başlayan kursa 6 nəfər cəlb edilib.
Bundan əvvəl, Ağalı kənd sakinlərinin 4 fərqli qrupda peşə hazırlığı kurslarına cəlb olunması həyata keçirilib və həmin qrupları uğurla bitirənlər müvafiq sertifikatlarla təmin edilib. Kursları uğurla bitirmiş 19 nəfərdən 16-nın məşğulunun təmin edilməsi üçün müvafiq dəstək göstərilib.
Qazax-Tovuz Regional Məşğulluq Filialının və Gəncə Peşə Hazırlıq Mərkəzinin təşəbbüsü ilə isə “Venzana” mebel fabrikində işlə təmin olunması nəzərdə tutulan şəxslər üçün peşə hazırlığı kursuna başlanılıb. Avqustun 24-də Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” mebel istehsalı müəssisəsinin birgə təşkilatçılığı ilə Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkası keçirilib və 288 nəfərin müraciəti qəbul olunub.
İlkin müsahibədən keçən 35 nəfər 2 aylıq “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi”, “Mebel ustası”, Təmirçi-çilingər” və “Proqramla idarə olunan dəzgahların operatoru” peşə hazırlıq kurslarına cəlb edilib. Onlar həm nəzəri, həm də praktiki işləri öyrənirlər. Növbəti günlərdə ikinci müsahibəni uğurla keçmiş daha 50 nəfərin də peşə hazırlıq kursuna cəlb olunması nəzərdə tutulub.
Qeyd edək ki, “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə peşə hazırlıq kursunda iştirak edənlərə minimum əməkhaqqı miqdarında təqaüd verilir.