Gəncədə Ulu Öndərin ruhuna dualar oxunub
Gəncə, 9 may, E.Məmmədov, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Gəncə şəhərində yerləşən "İmamzadə" ziyarətgah dini kompleksində və şəhər ərazisində fəaliyyət göstərən məscidlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xütbələr zamanı müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətləri inkişaf edib, ölkədə etiqad azadlığı yaranıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilir.
Xütbələrdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil edilib.