Gənclərə otel və restoranlarda xidmətlərin göstərilməsi qaydaları izah olunub
Bakı, 14 mart, AZƏRTAC
Martın 14-də İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin və Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün "Turizm obyektlərində xidmət işinin təşkili" mövzusunda treninqin keçirilməsinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək treninqin təşkilində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, gənclərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, gənclərə peşə seçimində dəstəyin göstərilməsidir. Treninqdə iştirakçılara otel və restoranlarda qonaqların qarşılanması və xidmətlərin göstərilməsi qaydaları, müştəri məmnunluğunun əldə edilməsi və s. barədə məlumat verilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.