QAN YADDAŞI
“GENOSİDE” SƏNƏDLİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Bakı, 14 aprel (AZƏRTAC). Aprelin 14-də “Trend” xəbərlər şirkətində 1918-ci il 31 Mart-azərbaycanlıların soyqırımı ilə bağlı çəkilmiş “Genoside” sənədli filminin ingilis dilinə tərcüməsinin təqdimat mərasimi olmuşdur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmiş və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi (İB) tərəfindən hazırlanmış bu ekran əsəri bir müddət əvvəl Azərbaycan dilində nümayiş etdirilmişdir.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi isə professor Musa Qasımlıdır. Ekran əsərinin baş məsləhətçisi Milli Məclisin deputatı Qənirə Paşayevadır.
Təqdimat mərasimində çıxış edən Qənirə Paşayeva, Musa Qasımlı, İB-nin sədri Günel Paşayeva və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov bildirmişlər ki, filmin ingilis dilinə tərcümə edilməsində məqsəd onun beynəlxalq aləmdə daha geniş şəkildə yayılmasına nail olmaqdır.
Diqqətə çatdırılmışdır ki, bu film 1918-ci ildə Quba rayonunda silahlı erməni-daşnak dəstələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımının qurbanlarından bəhs edir.
Tarixi faktlar əsasında və canlı şahidlərin iştirakı ilə çəkilmiş film erməni uydurmalarına ən tutarlı cavab olacaqdır. Onların zaman-zaman dünya xalqlarını aldadaraq azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasəti bu ekran əsərində bir daha açıq-aydın görünür.
“Genoside” sənədli filminin yaxın günlərdə ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatı keçiriləcəkdir. Beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə yüzlərlə nüsxə çoxaldılmış filmin digər dillərə də tərcüməsi planlaşdırılır.
Natiqlər ekran əsərinin ingilis dilinə tərcüməsinə yaxından köməklik göstərmiş xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevə xüsusi minnətdarlıqlarını bildirmişlər.
Sonra “Genoside” sənədli filmi nümayiş etdirilmişdir.