Güclü qasırğa Zaqatala və Balakən rayonlarında ciddi fəsadlar törədib
Zaqatala rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildiriblər ki, təbii fəlakət nəticəsində rayon mərkəzində və kəndlərdə 600-dən çox iri gövdəli ağac yıxılıb. Nəticədə elektrik, qaz və su xətlərinə ciddi ziyan dəyib. Qasırğa 300-dən artıq ictimai bina və yaşayış evinin dam örtüyünü ciddi zədələyib, 21 çoxmənzilli yaşayış evinin, həmçinin rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin dam örtüyü yararsız vəziyyətə düşüb. Güclü külək nəticəsində rayon ərazisində 120-dən artıq elektrik dirəyi aşıb. Rayonun yaşayış məntəqələrinə elektrik enerjisinin və təbii qazın verilməsi gecə saatlarından etibarən tam dayandırılıb.
Rayon fövqəladə hallar komissiyasının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlər nəticəsində magistral və kəndarası avtomobil yolları ağac qırıntılarından təmizlənərək gecə saatlarında nəqliyyatın hərəkəti təmin olunub. Sentyabrın 5-də günorta saatlarında Zaqatala şəhərinin bir hissəsinə elektrik enerjisinin verilməsi bərpa olunub. Təbii qazın verilməsi üçün müvafiq tədbirlər davam etdirilir.
Güclü qasırğa Balakən rayonunda da ciddi fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görə, güclü külək nəticəsində rayonun şəhər və kəndlərində çoxlu sayda iri gövdəli ağac aşıb. Nəticədə yol, elektrik, su və qaz təsərrüfatına ciddi ziyan dəyib. İlkin məlumata görə, təbii fəlakət nəticəsində rayonda 600-dən çox fərdi təsərrüfat ciddi zərər görüb. Gərəkli, Qullar, Mahamalar, Qazbinə, Tülü, Talalar, Katex və digər kəndlərdə xeyli sayda fərdi təsərrüfata ziyan dəyib.
Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında nəqliyyatın hərəkəti bərpa olunub. Eyni zamanda, artıq Balakən şəhərinə elektrik enerjisinin verilməsi təmin edilib.
Hazırda bu rayonlarda Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi, həmçinin rayonların fövqəladə hallar komissiyaları əlaqədar dövlət qurumları ilə birlikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Elektrik və təbii qazın verilişinin bərpa edilməsi üçün müvafiq tədbirlər görülür.