GÜLRUX ƏLİBƏYLİNİN YENİ KİTABININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 10 oktyabr (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda filologiya elmləri doktoru, professor, yazıçı-publisist Gülrux Əlibəylinin “Qanun” nəşriyyatında rus dilində çap olunmuş “Mənəvi çırpıntılar yanğısı ilə” (“Духовной жаждою томим”) kitabının təqdimatı olmuşdur.
G.Əlibəylinin yeni kitabını yüksək qiymətləndirən AYB-nin sədri, xalq yazıçısı Anar, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova, ədəbiyyatşünas Səkinə Əliyeva, yazıçı-publisist Aqşin Babayev, şair Siyavuş Məmmədzadə, xalq artisti Amalya Pənahova və başqaları Gülrux xanımın elmi və publisistik yaradıcılığından, yorulmazlığından, təbiətinə xas olan səmimiyyətindən danışmışlar.
G.Əlibəyli 37-ci ilin repressiya qurbanlarından olan atasını itirdikdən sonra bütün çətinliklərə baxmayaraq, o əzmlə çalışmış nikbinliyini itirməmiş, öz fitri istedadı sayəsində elmin zirvələrini fəth etmişdir. Natiqlər G.Əlibəyli ömrünü əsl örnək adlandırmışlar.
Elmi yaradıcılıqla yanaşı G.Əlibəyli xalqın taleyi üçün daim narahatçılıq keçirmiş, bu ovqatla “Düşünən dünyamız”, “Çırpınan dünyamız”, “Dəyişən dünyamız”, “Dağılan dünyamız” əsərlərini yazmışdır.
Gülrux xanım yazıçı, alim və ictimai xadim kimi indi də fəaliyyətdədir, xalqına hələ çox töhfələr bəxş edəcəkdir.
Sonda Gülrux Əlibəylİ tədbirin təşkilatçlarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yaradıcılıq planlarından danışmışdır.