GÜNAHSIZ 31 MART QURBANLARININ XATİRƏSİ MURMANSKDA ANILMIŞDIR
Murmansk, 1 aprel (AZƏRTAC). Azərbaycanlı jurnalist Əlihüseyn Şükürov xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Murmansk vilayəti bölməsində Azərbaycan xalqının tarixinin qara səhifələrindən biri - Azərbaycanlıların soyqırımı günü qeyd olunmuşdur.
ÜAK-ın Murmansk bölməsi rəyasət heyətinin üzvü, iqtisadçı Amil Vəliyev çıxış edərək, 1918-ci ilin qanlı hadisələri üzərində ətraflı dayanmışdır. O bildirmişdir ki, ötən əsrin əvvəllərində erməni-daşnak silahlı birləşmələrinin Bakı, Quba, Qarabağ, Şamaxı və Azərbaycanın digər bölgələrində həyata keçirdikləri kütləvi etnik təmizləmə siyasəti nəticəsində on minlərlə dinc azərbaycanlı misli görünməmiş qəddarlıqla qətlə yetirilmiş, xalqımıza qarşı XX əsrin ən amansız soyqırımı aktlarından biri törədilmişdir. Ümummili liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana müvafiq olaraq hər il martın 31-də həmin faciəli hadisələrin qurbanlarının nurlu xatirəsi anılır. Həmin gün Azərbaycanda və onun hüdudlarından kənarda soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş kütləvi tədbirlər keçirilir.
Ofisin foyesindəki masanın üstünə al qərənfillər düzülmüş, həmin dəhşətli hadisələrdən söz açan qəzet və jurnallar, internet saytlarının çap olunmuş materialları qoyulmuşdu.
Gecədə Murmansk Vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov, sahibkar Məmmədağa Məmmədov, hüquqşünas Namiq Hüseynov, habelə Vüsal İbrahimov, Ağarza Canıyev və başqaları çıxış etmişlər.