Günay Əfəndiyeva: Türk dünyasında dərinləşən əməkdaşlıq mühiti Qurultay iştirakçılarının ruhuna böyük ehtiramdır
Bakı, 1 iyul, AZƏRTAC
Bu günlərdə Azərbaycan növbəti mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Bakıda 100 il əvvəl keçirilmiş Birinci Türkoloji Qurultaya həsr olunan "Türk Dünyası Həftəsi" öz işinə başlayıb. Tədbirə Türk dünyası dövlətləri də daxil olmaqla, 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alim qatılıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva deyib.
O xatırladıb ki, tədbirə 5 ölkənin prezidentlərinin təbrik məktublarının ünvanlanması, onların ümumtürk həmrəyliyinə dəstəklərini ifadə edən fikirləri, xoş arzuları Türk dünyasının mənəvi birliyinin, həmrəyliyinin ortaq siyasi iradə ilə mühüm vəhdət təşkil etdiyini bir daha nümayiş etdirdi.
“Yüz il əvvəl Bakıda türk xalqlarının gələcəyini düşünən, dilini, tarixini, mədəniyyətini qorumağa çalışan böyük ziyalılar toplaşmışdı. Təəssüf ki, onların bir çoxu sonralar repressiyaların qurbanına çevrildi. Onların taleyi yarımçıq qaldı, amma irəli sürdükləri fikirlər, təşəbbüslər, arzular təcəssüm tapdı. Türk xalqlarının bir-birinə daha da yaxınlaşacaqlarına, həmrəylik nümayiş etdirəcəklərinə inanan həmin ziyalılar Türk dünyasının birliyini gec-tez gerçəkləşəcək tarixi zərurət kimi görürdülər. Bu gün birgə səylərin nəticəsində həmin arzular addım-addım həyata keçirilir, reallığa çevrilir. Düşünürəm ki, Türk dünyasında getdikcə dərinləşən əməkdaşlıq mühiti Qurultay iştirakçılarının ruhuna böyük ehtiramdır”, - deyə deputat əlavə edib.
G.Əfəndiyeva bildirib ki, bu gün Türk dövlətlərinin başçılarının qardaşlıq münasibətləri, etimadı, sıx qarşılıqlı səfərləri, müntəzəm görüşləri, vahid siyasi baxışı sayəsində Türk dünyası tarixinin ən mühüm yaxınlaşma dövrünü yaşayır. Nəqliyyat dəhlizlərindən enerji layihələrinə, elm və təhsildən mədəniyyətə qədər birgə təşəbbüslərin sayı gündən-günə daha da artır, Türk Dövlətləri Təşkilatının fəaliyyəti türk xalqlarının həyatın bütün sahələrində birliyinin və bərabərliyinin təşviqinə xidmət edir. Bütün bunlar ortaq niyyətin, məqsədin, məsuliyyətin sərgilənməsidir, dildə, fikirdə, işdə birliyin təzahürüdür. Bu birlik nə qədər möhkəmlənərsə, Türk dünyasının qlobal miqyasda sözü, çəkisi, mövqeyi də bir o qədər güclü olacaq.