GÜRCÜSTAN İCTİMAİYYƏTİ DƏ HEYDƏR ƏLİYEVİN ADININ ƏBƏDİLƏŞDİRİLMƏSİNİ TƏLƏB EDİR
Bu sözləri Milli Məclisin üzvü Zəlimxan Yaqub AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir.
Zəlimxan Yaqub bildirib ki, deputat həmkarı İsmayıl Ömərov və Borçalı elindən olan ağsaqqallarla birlikdə Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar keçirilən matəm tədbirlərində iştirak etmək üçün bu günlərdə Gürcüstanda olublar. Qonşu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, gürcülər də Heydər Əliyevin vəfatından dərin kədər hissi keçirirlər. Yas mərasimlərində çıxış edən dövlət, hökumət və yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də sadə əhali Heydər Əliyevin vətəninin, xalqının və region dövlətlərinin inkişafı, Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışmışlar. Çıxışlarda birmənalı şəkildə qeyd edilib ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, həm də gürcü xalqının ağsaqqalı olub. Gürcülər Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri layihələrində Gürcüstanın da iştirakının təmin olunmasında və bununla da ölkənin iqtisadi, mədəni, siyasi və sosial həyatının inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd edirlər. Gürcüstanlılar möhtərəm Heydər Əliyevin xatirəsini qəlblərində əsrlər boyu yaşadacaqlarını bildirirlər. Onlar Tbilisidəki parkların birinə Heydər Əliyevin adının verilməsini və həmin parkda dahi rəhbərin abidəsinin ucaldılmasını, eləcə də Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində ümummilli liderimizin adının əbədiləşdirilməsini israrla tələb ediblər.
Hazırda Gürcüstan rəhbərliyi bu təkliflərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [17:28]
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub
- 12.05.2025 [17:21]