Hazırda bütün futbolsevərlərin diqqəti Bakı Olimpiya Stadionuna yönəlib - FOTOREPORTAJ
Bakı, 16 iyun, AZƏRTAC
Hazırda bütün futbolsevərlərin, xüsusilə Türk dünyasının diqqəti Bakı Olimpiya Stadionuna yönəlib. “Avro-2020”nin oyunlarına ev sahibliyi edən 11 şəhərdən biri olan Bakıda bir neçə dəqiqədən sonra çempionatın A qrupunun Türkiyə-Uels oyunu başlayacaq.
AZƏRTAC xəbər verir ki, milli komandalarını dəstəkləmək üçün stadiona axışan türk və uelsli azarkeşlər alqışlar, şüarlar səsləndirərək qələbəyə inamlarını ifadə edirlər. Bütün bunlar möhtəşəm Bakı Olimpiya Stadionunda əsl idman bayramı ab-havası yaradır.
Ümumiyyətlə, bu görüntülər bakılılar və şəhərimizin qonaqları üçün yad mənzərə deyil. Belə ki, paytaxtımız birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula yarışlarına, UEFA Avropa Liqasının final oyununa, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edib.
Qeyd edək ki, Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq.
AZƏRTAC Bakı Olimpiya Stadionundakı futbol bayramından hazırlanmış fotoreportajı təqdim edir.