HƏSƏN MƏMMƏDOV BÖYÜK YARADICILIQ İMKANLARINA MALİK GÖRKƏMLİ SƏNƏTKAR İDİ
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Dövlət Film Fondunun təşkilatçılığı ilə Muzey Mərkəzində xalq artisti, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, görkəmli kino və teatr aktyoru Həsən Məmmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Yubiley tədbirində Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Həsən Məmmədovun həyat və yaradıcılığının bəzi məqamlarından danışmışdır. Bildirmişdir ki, H.Məmmədov 1938-ci ildə Salyan şəhərində doğulmuşdur. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra bir müddət Dövlət Teleradio Komitəsində radio diktoru olmuş, sonra Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Onun kinoda ifa etdiyi rollar intellektuallığı, sakitliyi və təvazökarlığı ilə fərqlənmişdir. Canlandırdığı obrazın hansı zamanda yaşamasından asılı olmayaraq H.Məmmədovun qəhrəmanları cəmiyyəti öz çiynində aparan ziyalılar, düşüncə sahibləri olmuşlar.
Tədbirdə kinoşünas Aydın Kazımzadə sənətkarın yaratdığı obrazlar qalereyasından ətraflı bəhs etmişdir. O vurğulamışdır ki, 60-cı illərin əvvəllərindən aktyor kimi fəaliyyətə başlayan görkəmli sənətkar 40-dan artıq filmə çəkilmişdir. Qaraş rolu (“Böyük dayaq”) onun kinoda debütü olmuşdur. Bundan sonra “Möcüzələr adası” (Nazim), “Zirvə” (Kamil), “Arşın mal alan” (Əsgər), “Bir cənub şəhərində” (Murad), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Axırıncı aşırım” (Abbasqulu bəy), “İstintaq” (Murad) və sair filmlərdə biri-birindən fərqli, yaddaqalan obrazlar yaratmışdır.
Natiq bildirmişdir ki, aktyor yalnız milli kinomuzda deyil, xarici ölkə filmlərində də çəkilmişdir. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən aktyor 60 illik yubileyi ilə əlaqədar “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Xalq artistləri Ramiz Əzizbəyli, Həmidə Ömərova, Əminə Yusifqızı, əməkdar artist Elxan Qasımov və başqaları tədbirdə çıxış edərək Azərbaycan filmlərinin tanınmasında, sevilməsində Həsən Məmmədovun xidmətlərindən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.